MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

6 iyun 2023 tarixində UFAZ-da Məzunların İdeya Gecəsi adlı tədbir baş tutub

İyunun 6-da Azərbaycan-Fransız Universitetində, Azərbaycan Fransa Məzunları Assosiasiyası (AAAF), Fransa Səfirliyi və UFAZ-ın təşkilatçılığı ilə ənənəvi “Məzunların İdeya Gecəsi” adlı tədbir keçirilib.

 

Hər il fərqli məsələlər barədə fikir mübadiləsi platforması olan bu gecənin builki mövzusu “Daha çox?” adlanırdı və iqlim dəyişikliyi, ətraf mühit və davamlı inkişaf problemlərinə həsr olunmuşdu.

 

Qonaqları salamlayan AAAF sədri Vazeh Əskərov Fransa məzunları şəbəkəsinin genişləndiyini və onların sayının 1000 nəfəri keçdiyini vurğulayıb. O, ölkə başçısının son təyinatları arasında müxtəlif illərdə Fransa universitetlərində təhsil almış kadrlara etibar etdiyini qeyd edərək təhsil sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

 

Fransanın ölkəmizdəki səfiri Ann Buayon ölkələr arasında əlaqələrin güclənməsində və inkişafında məzunların xüsusi rolunu qeyd edib. O Fransa hökumətinin məzun şəbəkəsi ilə yaxından əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Səfir tədbirin mövzusuna toxunaraq, Azərbaycan Prezidentinin Bakı Enerji həftəsi çərçivəsində yaşıl enerji sahəsində verdiyi bəyanatları yüksək qiymətləndirib.

 

Azərbaycan prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi, AAAF-ın İdarə heyətinin üzvü Məsim Məmmədov Laçın rayonunda aparılan bərpa və quruculuq işləri barədə iştirakçılara məlumat verib. O, ilkin mərhələdə Laçına 1200 ailənin yayın sonuna kimi bərpa olunmuş və tikilmiş evlərə köçürüləcəyini anons edib və Laçındakı sənaye zonasında 45 şirkətin çalışacağını bildirib. “Yaradılacaq müəssisələrin ekologiya, ətraf mühit və davamalı inkişaf məqsədləri çərçivəsində olması prioritet məsələdir”. O tədbir iştirakçılarını Laçın rayonuna səfər etməyə və onun potensialı ilə yaxından tanış olmağa dəvət edib.

 

Strasburq Universitetinin vitse-prezidenti Jan-Mark Planeks Fransa məzunları arasında Strasburq Universitetinin xüsusi payı olduğunu qeyd edib. Belə ki, ümumi məzunların yarısından çoxu bu universitetdə təhsil alıb.

 

Daha sonra tədbirdə panel iştirakçıları təqdimatla çıxış ediblər. Eks-an Provans Universitetinin doktoru Suzan Lerua “Xəzər dənizi təcrid olunmayıb”, Parisin İFP School məktəbinin məzunu Həbib Babayev “İkili çağırış: Neft-qaz istehsalında karbon emissiyasının azaldılması”, Bordo şəhəri Monteskyö universitetinin məzunu Səid Musayev “Regional miqyasda davamlı inkişaf üçün Azərbaycanın liderliyi altında daha çox çoxtərəflilik”, Nitsa Sofia Antipolis universitetinin məzunu Firudin Mövsümov “Qarabağda post-münaqişə dövründə davamlı inkişaf problemləri”, Strasburq universitetinin məzunu Nəzrin Şirinova “Davamlı inkişaf üçün ekoloji layihələrin vacibliyi” mövzularında məruzə ediblər.

 

Tədbirdə həmçinin UFAZ tələbələri Zaur Budaqov universitetdəki ekoloji fəaliyyətləri barədə və Emin Xəlifəyev isə bu il Fransada qalib olduqları beynəlxalq kosmik hakatondakı “təyyarə karbon emissiyalarının azaldılması” layihəsi barədə məlumat veriblər.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow