MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin Kavaler rütbəsinin təqdim edilməsi mərasimi

Fransanın Azərbaycandakı səfiri cənab Zakari Qross, 15 fevral tarixində Fransa Səfirliyinin Bakıdakı İgamətgahında keçirilən mərasimdə, Azərbaycan Milli Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, mədəniyyət xadimi Şirin xanım Məlikovanı Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin Kavaler rütbəsi ilə təltif etmişdir. 

 

İncəsənət və Ədəbiyyat Ordeni Fransanın Mədəniyyət Nazirliyi tərəfindən verilən və « sənət və ya ədəbi sahədə yaradıcılığı ilə seçilən, və ya Fransada və dünyada incəsənətə və ədəbiyyata verdikləri töhfə ilə fərqlənən insanları mükafatlandıran fəxri ordendir.

 

Tədbirdə tanınmış ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, muzey direktorları, Azərbaycan hökumətinin və parlamentinin, Mədəniyyət Nazirliyinin nümayəndələri, akademiklər, Xalça Muzeyinin üzvləri, dostları və xanım Məlikovanın ailə üzvləri iştirak ediblər.

Səfir çıxışı zamanı qeyd edib ki, Şirin Məlikova 2016-cı ildən Azərbaycanın ən nüfuzlu mədəniyyət müəssisələrindən biri olan Milli Xalça Muzeyinə rəhbərlik edən Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsidir. 20-dən çox sərginin kuratoru, incəsənət sahəsində 11 monoqrafiya və məqalənin müəllifi olan xanım Məlikova Fransa səfirliyi ilə birgə sərgilər təşkil edib. 

 

Fransa ilə Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində əlaqələrin inkişafından danışan səfir, 2019-cu ildə YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində « Azərbaycanın mədəni irsi Luvr Muzeyində » adlı sərginin Xalça Muzeyində təşkil olunmasından və Luvr kolleksiyasından 18-19-cu əsrlərə aid nadir xalçaların bu muzeydə təqdim olunmasından danışıb. Bundan başqa, 2020-ci ildə YUNESKO-nun Paris və Kann şəhərlərindəki qərargahında Azərbaycan xalçaçılığındakı naxışlara dair keçirilən sərgi barədə də xatırlatma edib.  

 

Səfir bildirib ki, Şirin Məlikova bu ilin may ayında Fransada mədəni proqram layihəsində iştirak edəcək və bu proqram çərçivəsində Fransanın bir çox mədəniyyət müəssisələrinin rəhbərləri ilə görüşərək yeni tərəfdaşlıq əlaqələri quracaq.

 

Şirin Məlikova bu fəxri fərmanla təltif olunduğuna görə minnətdarlığını bildirərək, Azərbaycanla Fransa arasında mədəni əlaqələrin yüksək səviyyədə inkişaf etməsindən məmnunluğunu ifadə etmişdir. Bu əlaqələrin Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada təşkil olunan sərgilər, konsertlər və digər tədbirlər vasitəsilə inkişaf etdiyini qeyd etmişdir.  

www.1news.az

www.trend.az

www.azertag.az

www.report.az

www.apa.az

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow