MƏDƏNİYYƏT TƏDBİRLƏRİ

Fotoqrafiya sənətində müasir aspektlər

Azərbaycanda Fransız İnstitutunda (IFA) 21 fevral tarixində “Fotoqrafiya sənətində müasir aspektlər” layihəsinin təqdimatı keçiriləcəkdir. Tanınmış Azərbaycan fotoqrafları ilə mühazirə-konfransların keçirilməsini nəzərdə tutan layihə fotoqrafiya sənətinin inkişafında müşahidə olunan aktual məsələ və tendensiyalar mövzusuna həsr olunmuşdur.

Son illərdə Azərbaycanda bu sənət növü üzrə tendensiyaların dinamik inkişafının artması ilə ölkəmizdə Anri Kartye-Bressonun ənənələrində küçə fotoqrafiyasına xüsusi marağın genişlənməsi baş verir. İnkişafdan bəhs edildiyi zaman unutmaq olmaz ki, fotoqrafiya sənətinin inkişafında tənqid, eləcə də, fotoqrafiya ustadlarının nəzəri-tənqidi yanaşması mühüm rol oynayır.

Bütün bu amillərin fonunda  “Fotoqrafiya sənətində müasir aspektlər” layihəsi  fotoqrafiya ustadları ilə ictimai müzakirələr, görüş və mühazirələrin təşkil olunaraq bu sahəyə xas aktual məsələləri nəzəri-tənqidi şəkildə nəzərdən keçirmək məqsədi daşıyır. Belə ki,  fotoqrafiyanın tənqidi üçün bu sənət növünün sosial və bədii fenomen kimi hərtərəfli baxışdan keçirilməsi zəruridir. Növbəti üç həftə ərzində üç Azərbaycan fotoqrafı Sənan Ələsgərov, Eldar Əkbərov və Rüfət Abas ilə keçiriləcək mühazirələr silsiləsi professional auditoriyaya olduğu kimi, geniş kütləyə də fotoqrafiyada estetik məsələlər, müxtəlif texnika keyfiyyəti və fotoqrafın bir rəssam-ustad kimi təhlilinə dair aktual mövzulara toxunmaq imkanı verərək, auditoriyanı sadəcə nəzəri və ustadların şəxsi təcrübə dünyasına aparmır, eyni zamanda onların “şəxsi cazibə əhatəsinə” girməyə imkan yaradır. Bu da, öz növbəsində yaradıcılar və tamaşaçılar arasında interaktiv dialoqun baş tutmasına xidmət edir.

Azərbaycandakı fotoqrafiya sahəsinin peşəkar nümayəndələrinin dəvət olunacağı tədbir, fotoqrafiya dünyasında müasir və aktual aspektlər mövzusunda Sənan Ələsgərov, Eldar Əkbərov və Rüfət Abas iştirakı ilə ictimai müzakirə ilə davam edəcəkdir.

Bu tədbir İnisiativ Kuratorlar Birliyi (ICU) və Azərbaycanda Fransız İnstitutunun (IFA) tərədaşlığı ilə “Azərbaycanda mədəniyyət laboratoriyanın yaradılmasına texniki dəstək” layihəsinin bir hissəsi olaraq keçirilir.  Bu layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır.

Ünvanımız

Ünvan:

Füzuli küç., 67

AZ1014 Bakı şəh., Azərbaycan

Tel:  (+994) 12 596 35 80

arrow