Fransada ali təhsil müəssisələri
Fransada 3 500-dən çox dövlət və özəl ali təhsil müəssisələri mövcuddur. Onların sırasında:
· ölkə ərazisində 72 dövlət universiteti ;
· 271 doktorantura məktəbi ;
· xüsusi mühəndis statusu vermək səlahiyyəti olan 227 mühəndislik məktəbi ;
· 220 biznes və idarəçilik məktəbi ;
· 45 ali dövlət incəsənət məktəbi ;
· 22 dövlət memarlıq məktəbi ;
· təxminən 3 000 özəl məktəb və institut yer alır.
1 200-dən çox proqram ingilis dilində tədris olunur. Bundan əlavə, bir çox qısamüddətli dil kurslar fransız dilini öyrənməyi mədəniyyətlə tanışlıqla birləşdirir. Bu təkliflər Programs taught in English və Qısamüddətli proqramlar kataloqlarında toplanmışdır.
UNİVERSİTETLƏR
Fransız universitetləri dövlət tərəfindən maliyyələşdirilən və beynəlxalq səviyyədə tanınan bakalavr (Licence), magistratura (Master) və doktorantura (Doctorat) diplomları verən dövlət ali təhsil müəssisələridir. Tədris sahələri çoxşaxəlidir: elm, ədəbiyyat, dillər, incəsənət, humanitar və ictimai elmlər, tibb, hüquq, iqtisadiyyat və idman.
Birinci kursa qəbul, Études en France platforması vasitəsilə tam orta təhsil diplomu (Attestat) olan hər kəs üçün açıqdır. Universitetlər həmçinin beynəlxalq tələbələri mübadilə proqramları və ikitərəfli əməkdaşlıqlar çərçivəsində qəbul edirlər.
ALİ MƏKTƏBLƏR
Ali məktəblər Fransaya məxsus unikal sistemdir. Buraya dövlət tərəfindən tanınan dövlət və ya özəl müəssisələr daxildir:
-Ali normal məktəblər (Écoles normales supérieures – ENS),
-Siyasi elmlər institutları (Instituts d’études politiques – IEP),
-Mühəndislik, biznes, idarəetmə və baytarlıq məktəbləri və s.
Bu müəssisələr adətən magistratura səviyyəsinə (bac +5) bərabər diplomlar təqdim edir. Qəbul prosesi çox seçicidir: ikiillik hazırlıq kurslarından (CPGE) və ya birbaşa attestatdan sonra müsabiqə ilə qəbul mümkündür. Bir çox ali məktəb həm də ingilis dilində ixtisas proqramları təklif edir.
İXTİSASLAŞMIŞ MƏKTƏB VƏ İNSTİTUTLAR
Fransada təxminən 3 000 ixtisaslaşmış dövlət və özəl müəssisə fəaliyyət göstərir. Onlar tibb, audiovizual, kommunikasiya, jurnalistika, moda, dizayn, siyasi elmlər, aqronomiya və digər sahələrdə təhsil verir.
Bu məktəblər dövlət tərəfindən tanınan diplom və sertifikatlar təqdim edir.
Qəbul imüsabiqə ilə və ya ümumi müraciət sənədlərin qiymətləndirilməsi əsasında aparılır.
ALİ İNCƏSƏNƏT VƏ TƏTBİQİ İNCƏSƏNƏT MƏKTƏBLƏRİ
Təxminən 50 dövlət ali incəsənət və dizayn məktəbi Mədəniyyət Nazirliyinə tabedir və yaradıcılıq, dizayn, vizual kommunikasiya və tətbiqi incəsənət sahələrində mütəxəssis hazırlayır. Tədris iki mərhələdə təşkil olunur (3 və ya 5 il) və dövlət diplomları (Bakalavr, Magistratura) ilə yekunlaşır. Qəbul üçün müraciətlər CampusArt platforması üzərindən təqdim edilə bilər.
DÖVLƏT MEMARLIQ MƏKTƏBLƏRİ (ENSA)
20 Ali Dövlət Memarlıq Məktəbi şəbəkəsi Mədəniyyət və Ali Təhsil, Tədqiqat və İnnovasiya Nazirliklərinin birgə tabeliyində fəaliyyət göstərir. Bundan əlavə, École spéciale d’architecture və Strasburq INSA oxşar səviyyəli diplomlar təqdim edir.
ENSA-larda üç mərhələli təhsil sistemi mövcuddur (Bakalavr, Magistratura, Doktorantura). Bəzi məktəblər mühəndis-memar ikili ixtisas proqramları da təklif edir. Qəbul müraciətləri Études en France və CampusArt platformaları vasitəsilə qəbul edilir.
AKADEMİK İLİN TƏŞKİLİ
Universitet ili adətən sentyabr və ya oktyabrda başlayır və iki semestrə bölünür. Hər semestr tətil və imtahan dövrləri ilə müşayiət olunur.
Dərslər aşağıdakı formalarda təşkil olunur:
• amfiteatrlarda keçirilən mühazirələr,
• kiçik qruplarda keçirilən seminarlar (TD) və praktiki məşğələlər (TP),
• şirkətlərdə təcrübə proqramları.
Hər semestrin sonunda imtahanlar keçirilir, nəticələr biliklərin qiymətləndirilməsini təmin edir. Yay tətili isə (may və ya iyundan etibarən) akademik ilin sonunu bildirir.