Kəşf edilməli bir ölkə. Avropaya açılan bir qapı
Dünyanın bir nömrəli turizm istiqaməti olan Fransa, mədəni və təbii irsinin zənginliyi ilə seçilir. Ölkədə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş 43 seçilmiş məkan, eləcə də 6 000 bələdiyyə kitabxanası, 40 000 qorunan abidə və tarixi yer, 8 000 muzey, 5 000 kinozal və 500-dən çox teatr, musiqi və rəqs festivalı mövcuddur. Bundan əlavə, bütün ölkədə saysız teatr seansları və müvəqqəti sərgilər keçirilir.
Fransada ali təhsil və elmi tədqiqatın mükəmməlliyi beynəlxalq miqyasda çox tanınır. Bir çox Fransa universitetləri və “grande école” adlanan ali məktəblər Times Higher Education, Financial Times, QS World University Rankings, Şanxay reytinqi və Avropa İttifaqının U-Multirank kimi nüfuzlu dünya reytinqlərində yüksək mövqedə yer alır.
Fransada təhsil almaq — dünya miqyasında ali təhsil sisteminin keyfiyyəti və tanınmasından faydalanmaqdır. Fransada yaşamaq və təhsil almaq, eləcə də, Avropa İttifaqı çərçivəsində ölkənin mərkəzi mövqeyindən yararlanmaqdır. Bu fürsət tələbələrə Şengen ərazisinin 26 ölkəsində sərbəst və vizasız səyahət etməyə imkan yaradır.

Avropa İttifaqının fəal üzvü kimi Fransa, tələbə mobilliyini təşviq edən və təqaüdlər, eləcə də birgə magistr proqramları təklif edən Erasmus+ proqramında tam şəkildə iştirak edir.



